Gülümsəməyin sirli gücü

Ron Gutman gülümsəmə haqqında çoxsaylı tədqiqatları nəzərdən keçirir və gözlənilməz nəticələri aşkar edir. Gülüşünüz ömrünüzün uzunluğu haqda xəbər verdiyini və sadə bir gülüşün xoşbəxtliyinizə ölçülə bilən təsiri olduğunu bilirdinizmi? Bu t

Uşaq ikən mən həmişə super bir qəhrəman olmaq istəyirdim. Dünyanı xilas edib hamını xoşbəxt etmək arzusunda idim. Ancaq bilirdim ki, arzularımın həyata keçməsi üçün qeyri-adi bacarıqlara malik olmalı idim. Və, beləliklə də, Kripton (Supermen ve s. qəhrəmanların gəldiyi planet) planetindən interqalaktik obyektlər tapmaq üçün xəyali səyahətlər edirdim.  Böyüyüb anlayanda ki, elmi- fantastik ədəbiyyat qeyri-adi bacarıqların əldə olunması üçün yaxşı mənbə deyil, mən faydalı və istifadə oluna biləcək həqiqəti tapmaq üçün elmi səyahətə çıxmaq qərarına gəldim.

Səyahətimi Kaliforniyanın Berkley Universitetinin 30-illik bir tədqiqatı ilə başladım. Bu tədqiqat köhnə bir məzun albomundaki tələbə şəkillərini təhlil etməklə həmin tələbələrin həyatlarında əldə etdiyi uğurları və nə dərəcə xoşbəxt olduqlarını ölçmək məqsədini daşıyırdı. Tələbələrin gülüşlərini ölçməklə tədqiqatçılar onların evliliklərinin müddətini və keyfiyyətini, xoşbəxtlik haqda standartlaşdırılmış testlərdə əldə edə biləcəkləri nəticələrini və digər insanlar üçün nə dərəcə ilhamlandırıcı olmalarını proqnoz etməyə nail oldular. Digər bir məzun albomunda mən Barry Obamanın (Barack Obama) şəklinə rast gəldim. Onun şəklini ilk dəfə görəndə fikirləşdim ki, onun super bacarıqları onun köynəyinin super yaxalığından gəlirdi. Lakin indi başa düşürəm ki, hər şeyin səbəbi onun gülüşü idi.

Digər aha-momenti Wayne Dövlət Universitetinin apardığı tədqiqatdan gəldi. Bu tədqiqat 1950-ci illərə qədər Əsas Liqa oyunçularının beysbol kartlarını analiz etdi. Tədqiqatçılar aşkar etdilər ki, oyunçunun gülüşünün növü (uzunluğu) onun həyatının uzunluğu haqqında qabaqcadan xəbər verə bilər. Şəkillərdə gülümsəməyən oyunçular orta hesabla yalnız 72.9 il, gülüşləri parlaq olan oyunçular isə təxminən 80 ilə qədər yaşayırdılar.

Yaxşı xəbər ondan ibarətdir ki, biz üzümüzdə gülüş ilə doğuluruq. Hal-hazırda biz 3D ultrasəs texnologiyası vasitəsilə uşaqların hətta ana bətnində olarkən gülümsəmələrini görə bilərik. Doğulduqdan sonra da körpələr gülümsəməyə davam edirlər ilkin zamanlar əsasən yatarkən. Hətta görə bilməyən körpələr də insan səsini eşidəndə gülümsəyirlər. Gülüş bioloji nöqteyi-nəzərdən bütün insanlara məxsus olan ən sadə ifadələrdən biridir.

Papua Yeni Gvineyada aparılan tədqiqatlarda Pol Ekman, dünyanın üz ifadələri üzrə ən tanınmış tədqiqatçısı, aşkar edib ki, hətta Fore qəbiləsinin üzvləri, hansı ki, Qərbi mədəniyyətdən tamamilə əlaqəsi olmayan və qeyri-adi adamyeyən ritualına görə tanınan bir qəbilədir, sizin və mənim gülüşümə səbəb olan şeylərə gülümsəyirlər. Beləliklə də, Papua Yeni Gvineyadan tutmuş Hollivud və Çinin Beijing şəhərinin müasir mədəniyyətinə qədər biz hamımız gülümsəyirik və sevinc və razı olduğumuzu gülüş ilə ifadə edirik.

Hazırda bu zalda olan neçə insan gün ərzində 20 dəfədən artıq gülümsəyir? Əgər bu sizə aiddirsə əlinizi qaldırın. Buna bir bax! Bu zaldan kənarda bizlərdən təxminən üçdə bir hissəsi gündə 20 dəfədən artıq gülümsəyir. 14 faizdən az olan hissəmiz isə gündə 5 dəfədən az gülümsəyir. Əslində isə, ən möhtəşəm bacarıqlara malik olanlar uşaqlardır - onlar gündə nə az nə çox 400 dəfə gülümsəyirlər.

Heç özünüzə sual vermisiniz ki, belə tez-tez gülümsəyən uşaqların ətrafında olmağın özü sizi niyə gülümsəməyə vadar edir? İsveçin Uppsala Universitetinin son tədqiqatı göstərdi ki, gülümsəyən bir insana baxarkən qaşqabaqlı olmaq çox çətindir. Siz, yəgin ki, bu niyə belədir sualını verirsiniz. Ona görə ki, gülümsəmə prosesi "yoluxucudur" və o, sifət əzələlərimizin idarəsini yatırır. Gülüşü təqlid etmək və onu fiziki cəhətdən yaşamaq gülüşün doğru və ya süni olmasını başa düşməkdə kömək edir və gülümsəyən insanın emosional vəziyyətini anlamağa imkan yaradır.

Fransanın Clermont-Ferrand Universitetinin son tədqiqatlarından birində iştirakçılar gülüşün təbii və ya süni olmasını təyin etmək tapşırığını almışdılar. İştirakçılar bunu gülüş əzələlərini yatırmaq üçün ağızlarında karandaş tutaraq etməli idilər. Ağızlarında karandaş olmadan tədqiqat iştirakçıları asanlıqla gərar verirdilər. Lakin ağızlarında karandaş ilə gülüşü təqlid edə bilmədikləri halda onların qiymətləndirmə bacarıqları məhdud idi.

Çarlz Darvin "Növlərin mənşəyi" kitabında təkamül nəzəriyyəsi ilə yanaşı sifətin cavab reaksiyası nəzəriyyəsi haqqında da yazmışdır. Onun nəzəriyyəsinə əsasən gülümsəmə əməlinin özü sadəcə olaraq özümüzü yaxşı hiss etməyimizin nəticəsi yox, tam əksinə, yaxşı əhval-ruhiyyəmizin səbəbidir. Darvin öz tədqiqatında Guillaume Duchennedan sitat gətirir. Bu Fransız nevroloq gülüş yaratmaq və stimulyasiya etmək üçün elektrik zərbələrindən istifadə edib. Xahiş edirəm, bunu evinizdə sınamayın.

Oxşar bir Alman elmi işində tədqiqatçılar sifət maqnit-rezonans tomoqrafiyası (MRT) şəkillərindən istifadə etməklə gülüş əzələlərini sıxışdıran botoks inyeksiyasından öncə və sonra baş verən beynin fəaliyyətini ölçürdülər. Bu elmi iş Darvinin nəzəriyyəsini təsdiq etdi və onu göstərdi ki, sifətin cavab reaksiyası beyinin emosional məzmununun nevroloji prosesləşdirilməsini dəyişir və bunu insanların özlərini daha yaxşı hiss etmələrinə kömək edən bir şəkildə edir. Gülümsəmə beynimizin mükafatlandırma mexanizminə təkan verir və bunu hətta şokoladın - ən məşhur həzz-gətirici bir səbəbkarın - edə bilmədiyi şəkildə edir.

Britaniya tədqiqatçıları kəşf etdilər ki, bir gülüş beyində 2000 ədəd şokoladın yaratdığı qədər stimullaşdırılmaya səbəb ola bilər. Bu hələ harasıdır. Elə həmin tədqiqata əsasən gülümsəmə prosesi 16 min funt sterlinq almaq qədər stimullaşdırıcıdır. Bu, hər gülüşə 25 min dollar deməkdir. Və bu heç də pis deyil. Təsəvvürünüzə gətirin, 25 mini 400 dəfəyə vursaq bir neçə uşaq özünü hər gün Mark Zuckerberg (Facebook ixtiraçısı və dünyanın ən gənc zənginlərindən biri) kimi hiss edə bilər.

Və çoxlu şokolad yeməkdən fərqli olaraq çoxlu gülümsəmək sizi daha sağlam edə bilər. Gülümsəmə kortizol, adrenalin və dopamin kimi stress-gətirici hormonların dərəcəsini aşağı salmaq və xoş əhval-ruhiyyəyə görə cavabdeh olan endorfin kimi hormonunun sayını artırmaq və ümumi qan təzyiqini aşağı salmaq gücünə malikdir.Və əgər bu da inandırıcı deyilsə gülümsəmək başqalarının gözlərində daha xoşagəlimli görünür. Penn State Universitetinin son tədqiqatı aşkar etdi ki, gülümsəyən insan nəinki daha xoşagələn və mülayim hətta daha savadlı görünür.

Beləliklə, siz gözəl və savadlı görünmək, stressinizi aşağı salmaq, evlilik həyatınızı yaxşılaşdırmaq, və ya çoxlu kalori almadan özünüzü yüksək keyfiyyəltli şokolad yemiş kimi ya da illər boyu geyinmədiyiniz köhnə bir jaketin cibindən 25 min dollar tapmış kimi hiss etmək, ya da ətrafınızda hamıya kömək edə biləcək super bacarığı aşkar etmək daha uzun, sağlam və xoşbəxt həyat yaşamaq istəyirsinizsə gülümsəyin.

Mənbə: TED

36 Views